Rəssam əl işləri


           Darvin Vəlibəyov


  Qusarın təbiəti haqqında ən yaxşı bilgini Darvin Vəlibəyovun əsərlərindən almaq olar. Onun mənzərələrində buranın çiçəkli yaylaqları qarlı dağları, gur şəlalələri elə ilhamla təsvir olunub ki, çoxu bu rəssamın əslən qusarlı olduğunu zənn edir. Əslində isə belə deyildir.
 

  Əsərləri Azərbaycan, Rusiya, Ukrayna, ABŞ, Türkiyə, Almaniya, Fransa, Avstriya, İsrail, Norveç, Yaponiya, Italiya, İngiltərə, Polşa və Yuqoslaviya kimi ölkələrin dövlət muzeylərini və ayrı-ayrı adamların şəxsi kolleksiyalarını bəzəyən Darvin Hacıbəy oğlu Vəlibəyov Dağıstanın Axtı rayonunun Cəbə kəndindəndir. 10 il burada, 3 il Novoçerkasskda, 10 il Qroznıda, 10 il Leninqradda, 4 il Mahaçqalada yaşamış sənətkar V.Muxina adına Leninqrad ali bədii sənaye məktəbinin (indiki akademiyanın) məzunudıır. 1976-cı ildə Dağıstan və SSRİ Rəssamlar İttifaqlarının üzvü seçilmiş sənətkar həmin il Bakıya köçmüş, 1980-cı ildə Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul edilmişdir.

  Darvin Vəlibəyovun əsərlərinə hisslərin dərinliyi, fikirlərin azadlığı, fəlsəfi məzmun, dünyanı dərkə çağırış xasdır. Tətbiqi və monumental rəngkarlığın müasir yönümündə çalışan rəssam zəmanəmizin görkəmli fırça ustalarından biri kimi dünyada tanınır. O, 1000-dən çox irihəcmli əsərin müəllifidir. Dağıstan hökumətinin 1984-cü ildə keçirdiyi müsabiqədə D.Vəlibəyovun "Ağ durnalar" monumental heykəli I yeri tutmuşdur. 1989-cu ildə ümümdünya kitab sərgisində I yerə layiq görülmüş "Azərbaycanın Qırmızı kitabı"nın rəngli şəkillərinin (150 ədəd) müəllifi də D.Vəlibəyovdur.

Rəssamın ən çox yaradıcılıq ezamiyyətində olduğu yer Qusar rayonudur. Onun bu gözəl diyarı vəsf edən 50-dən çox əsəri vardır.



          ŞAHLAR ƏLİRZAYEV




   Şahların əsərlərindən doğma yurdumuzun gözəl təbiəti, respublikamızın qədim xalqlarından olan ləzgilərin məişəti və adət-ənənələri ilə yaxından tanış olmaq mümkündür.

   Şahlar Əlirza oğlu Əlirzayevin ilk fərdi sərgisi 2002-ci ildə Bakıda, İçərişəhərdəki Miniatür Mərkəzində təşkil olunmuşdur. Burada iştirak etmiş insanlar hələ də gənc rəssam əsərlərinin təsiri altmda olduqlarını tez-tez etiraf edirlər. Onun doğma vətənə məhəbbət duyğuları ilə ərsəyə gəlmiş "Xərək çörəyi", "Şahdağ", "Bulaq başında", "Küplər" kimi əsərləri sənətsevərlər tərəfındən yüksək qiymətləndirilmişdir.    Qusar rayonunun Əvəcuq kəndində anadan olmuş Şahlar Bakıdakı 145 saylı orta məktəbi bitirib, Ə.Əzimzadə adına rəssamlıq məktəbində oxumuşdur. Sonradan o, Azərbaycan İncəsənət Universitetində təhsil almışdır.    Sənətinə ürəkdən vurğun olan istedadlı rəssamın xoş sorağı respublikamızın hüdudlarəndan uzaqlarda da yayılmışdır. Onun yaradıcılığında etnoqrafik mövzular başlıca yer tutur. Ömrünü bu çətin sənətə sərf etmiş Şahlar Əlirzayev növbəti sərgilərə hazırlaşır.  

             

 

                MAHMUD ÇƏLƏBOV


Mahmud Çələbov ləzgi xalqının tarixi, mədəniyyəti, qəhrəmanları və doğma təbiəti ilə bağlı gözəl əsərlərin müəllifidir.

  Tanınmış rəssam Çələbov Mahmud Cami oğlu 1935-ci ildə Qusar rayonunun Gündüzqala kəndində anadan olmuşdur. Kənd məktəbini və Bakıdakı 3 saylı peşə məktəbini bitirib, neft mədənlərində çalışmışdır. 1956-cı ildə Ə.Əzimzadə adına İncəsənət Məktəbini başa vurduqdan sonra M.Çələbov Bakının Rəsulzadə qəsəbəsinin orta məktəblərində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Rəssam kimi 1959-cu ildən tanınır.

  1980-ci ildə Moskvada keçirilmiş "Olimpiada-80" sərgisində onun çəkdiyi "İdman" adlı xalça mükafata layiq görülmüşdür. 1981-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilən sənətkar respublikamızda, keçmiş SSRİ-də və xarici ölkələrdə keçirilmiş onlarca sərginin iştirakçısı olmuşdur.

  Mahmud Çələbovun əsərləri arasında məşhur ləzgi şairi Süleyman Stalskinin, ləzgi sərkərdəsi Hacı Davudun, 121 il ömür sürmüş xalçaçı Zibeydə Şeydayevanın portretləri də vardır. Mahmud Çələbov ləzgi xalça və sumaqlarının bilicisi, onların yeni naxışlarını yaratmış sənətkardır. Onun çəkdiyi "Cami Nur", "İnci", "Bahar", "Dünya", "Ləzginka" kimi sumaq və xalça çeşniləri Azərbaycan muzeylərinin qiymətli eksponatlarından sayılır. O, ilk dəfə olaraq ləzgi klassiklərinin şəkilləri çəkilmiş "Ləzgi xalqının təqvimi"-ni tərtib edərək, nəşr etdirmişdir. M.Çələbov Azərbaycanda çapdan çıxmış onlarca kitabın bədii tərtibatını vermişdir.

 


                

ƏLİYAR ƏLIMİRZƏYEV


2003-cü ildə Parisdə 200-ə yaxın ölkənin rəssamlarının iştirak etdiyi beynəlxalq sərgidə bakılı rəssam Əliyar Əlimirzəyevin "Fenikslər" əsəri Qran Priyə layiq görüldü.

   Əliyar Əlimirzəyevin əsərləri Rusiyanın Tretyakov qalereyasının, Venanın "Albertino" muzeyinin, Danimarkanın Adens şəhərinin muzeyinin eksponatlarıdır. Rusiya, ABŞ, Çin, Türkiyə, Serbiya, Polşa, Avstriya, Koreya, İndoneziya və başqa ölkələrin iş adamlarının kolleksiyalarında onun rəngkarlıq işləri görkəmli yer tutur. Əliyar respublikamızda əsərləri ən çox satılan rəssamlardan biridir. Bu günə kimi onun 1000-dən çox əsəri satılmışdır.

Müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən biri olan Əliyar Əlimirzə oğlu Əlimirzəyev Qusar rayonunun Qilah kəndində anadan olmuşdur. O, Bakıdakı 229 saylı məktəbi bitirib, Ə.Əzimzadə adına Incəsənət Məktəbində təhsil almışdır. Parlaq istedadı olan Əliyar 27 yaşında SSRİ Rəssamlar İttifaqının üzvü seçilmişdir. Moskvanın Gənclər və İdman Mərkəzində keçirilmiş sərgidən sonra SSRİ Rəssamlar İttifaqı bu istedadlı gəncə 3 illik təqaüd təyin etmişdir.

   1996-cı ildə onun fərdi sərgisində iştirak etmiş tanınmış rəssam Rasim Babayev heyranlıqla demişdi: "Əliyar sənətdə mümkün olan hər şeyi edib. Daha onun edəcəyi heç nə qalmayıb."

2006-cı ildə Azərbaycan Prezidentinin fərmanı ilə Əliyar Əlimirzəyevə "Azərbaycanın əməkdar rəssamı" fəxri adı verilmişdir. Onun vebsaytı - http://eliyar.net

 




Bu mətnlər Sədaqət Kərimovanın "Qusar, Qusarlılar" kitabındandır